Deqiq.info

Azərbaycan Tibb Universitetində mexaniki ventilyasiyaya dair seminar keçirilib

Tarix:14-11-2018, 13:16

Azərbaycan Tibb Universitetində mexaniki ventilyasiyaya dair seminar keçirilibAzərbaycan Tibb Universitetində (ATU) Tədris Cərrahiyyə Klinikasının neonatologiya şöbəsində həkim-rezidentlərin, tələbələrin iştirakı ilə mexaniki ventilyasiyaya dair seminar keçirilib.

Klinikanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarda yenidoğulmuşlarda mexaniki ventilyasiyanın hansı yollarla aparılması müzakirə edilib.

Tədbirdə II uşaq xəstəlikləri kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Püstə Orucova əvvəlcə tənəffüsün mexanizmi, tənəffüs aktının necə baş verməsi barədə danışıb. Yeni doğulan körpələrdə, xüsusilə yarımçıq doğuşlarda respirator distress sindromuna (RDS) daha çox rast gəlindiyini, yəni onların ağ ciyərlərinin, mərkəzi sinir sisteminin yetişmədiyinə görə tənəffüslərində problemlərin yarandığını bildirib. Qeyd etdi ki, döş qəfəsinin daralması, önə doğru qabarıq olması, bəzən də qabırğaarası sahələrin içəri dartılması və tənəffüs zamanı diafraqmanın hərəkətliliyi xəstəliyin klinik əlamətlərdir.

Bildirilib ki, mexaniki ventilyasiyada əsas məqsəd normal qaz mübadiləsini təmin etmək, ağ ciyərlərin zədələnmə riskini və tənəffüsün işini azaltmaqdır. Doğuş zalında 26 həftədən kiçik, doğuş zamanda travma almış, baş-beyin zədələnməsi, ürək-damar çatmazlıqları, diafraqma yırtıqları olan uşaqlar üçün mexaniki ventilyasiya mütləq göstərişdir.

Mexaniki ventilyasiyanın tətbiqi tarixindən də danışan P.Orucova ağ ciyərin hava tutumuna aid bəzi terminlərə, o cümlədən təzyiqlərin millimetr civə sütunu ilə ölçüldüyü halda, respirator sistemdə təzyiqin nə üçün santimetr su sütunu ilə ölçülməsinə də aydınlıq gətirib.

Seminarda ağıllı ventilyasiya aparatının üstünlüklərindən, yenidoğulmuşlarda tənəffüs parametrlərinin normalarından da ətraflı söhbət açılıb.

Tədbir müxtəlif diaqram, cədvəl və slaydlarla müşayiət olunub.

Seminarın sonunda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

Oxunub: 71



XƏBƏR LENTİ