Bağla
gundem.ws
gundem.ws

Azərbaycanın Pakistandakı səfirliyi İslamabadda ənənəvi xeyriyyə bazarında iştirak edib

48 dəfə baxılıb 26-11-2018, 12:43

Azərbaycanın Pakistandakı səfirliyi İslamabadda ənənəvi xeyriyyə bazarında iştirak edib

Azərbaycanın Pakistandakı səfirliyi İslamabad şəhərində ölkənin Xarici İşlər Nazirliyi Qadınlar Assosiasiyası tərəfindən təşkil olunan ənənəvi xeyriyyə bazarında iştirak edib.

AZƏRTAC xəbər verir ki, xarici dövlətlərin Pakistandakı səfirliklərinin, eyni zamanda yerli şirkətlərin iştirak etdiyi tədbirdə ölkələrin milli və mədəni dəyərləri, adət-ənənələri, turizm potensialı, iqtisadiyyatı və digər sərvətlərinə dair nümunələr çıxarılıb.

Tədbiri açan Pakistanın birinci xanımı Samina Alvi çıxışında Qadınlar Assosiasiyasının xeyriyyəçilik tədbirinin müxtəlif xalqlar və mədəniyyətlər arasında vəhdət və həmrəyliyi təmsil etdiyini bildirib və assosiasiyanın Pakistanda yoxsulların dəstəyi naminə həyata keçirdiyi xeyriyyəçilik aksiyalarını təqdir edib.

Pakistan xarici işlər nazirinin həyat yoldaşı xanım Mehrin Qureyşi və assosiasiyanın prezidenti xanım Anila Həsən nitqlərində 1947-ci ildən fəaliyyətə başlayan təşkilatın məramı, imkansız insanlara yardımı, keçirdiyi tədbirlər haqqında məlumat verərək, bu ilki bazarın “Müxtəlifliyin qeyd olunması” adı altında təşkil olunduğunu, xeyriyyəçilik məqsədilə yanaşı, mədəni müxtəlifliyin təbliğinə və birliyə xidmət etdiyini diqqətə çatdırıblar.

Çıxışlardan sonra keçirilən “Ölkələr Paradı”nda diplomatlarımızın övladları milli geyimdə Azərbaycan bayrağını səhnəyə gətirilib.

Tədbirin mədəni hissəsində Nəzrin Əlizadənin ifasında Azərbaycanın “Nəlbəki” milli rəqsi tamaşaçılara təqdim edilib. Azərbaycan səfirliyi “Ölkələr Paradı”nda və mədəni proqramda təmsil olunan azsaylı səfirliklərdən olub.

Səfirliyimizin pavilyonuna gələnlərə milli yeməklərimiz, həmçinin qoğal, şəkərbura, paxlava, qutab və sair təamlar təklif edilib, Azərbaycanın milli geyimləri, o cümlədən ölkəmizin tarixi və mədəniyyətini əks etdirən milli suvenirlər, eləcə də milli musiqi alətlərini, aşıq sənətini və digər mədəniyyət nümunələrimizi əks etdirən maketlər nümayiş etdirilib. Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycan-Pakistan əlaqələri, ölkəmizin görkəmli şəxsiyyətləri, turizm potensialı, sosial-iqtisadi inkişafı və digər məsələlərdən bəhs edən kitablar, fotoşəkillər nümayiş olunub. Tədbirə qatılanlar Azərbaycan pavilyonuna böyük maraq göstərib və milli musiqimiz alqışlarla qarşılanıb.

Samina Alvi və digər qonaqlar, o cümlədən Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi Azərbaycan pavilyonunu ziyarət edib, Azərbaycan təamlarının dadına baxıblar.

Azərbaycan səfirliyinin pavilyonundan əldə olunan vəsait Qadınlar Assosiasiyasının fonduna köçürülüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi