AzadMedia

Bakı və Ankara üçün kritik gözlənti... - Rusiya nə qərar verəcək?

  • + A
  • - A
  • 27-12-2016, 12:54

    Bakı və Ankara üçün kritik gözlənti... - Rusiya nə qərar verəcək?




















    Ermənistan prezidenti Serj Sərkisyan dekabrın 26-da Rusiyaya gedib. Erməni rəsmi qaynağının məlumatına görə, Sankt-Peterburqda o, Avrasiya İqtisadi Birliyinin sammiti və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT - ona “Rus NATO”su da deyilir) sessiyasında iştirak edəcək.

    Sözsüz ki, ən önəmli məqam məhz ikinci tədbirlə - KTMT-nin toplantısı ilə bağlıdır. Məsələ ondadır ki, budəfəki iclasda qurumun baş katibinin dəyişdirilməsi məsələsi əsas mövzulardan biri olacaq. Ayrı sözlə, hazırkı və birinci baş katib, general Nikolay Bordyujanı kimin əvəzləyəcəyi bilinməlidir.

    İndiyədək yayılan məlumatlara əsasən, onun yerini rotasiya qaydasında Ermənistanın nümayəndəsi tutacaq. Lakin məsələ də elə ondadır ki, qurumun öz daxilində bununla bağlı konsensus yoxdur - Azərbaycan faktoruna görə.

    ***

    Yada salaq ki, Bordyujanın sələfi hələ ötən ilin dekabrında dəqiqləşməli, yerinə erməni general gəlməli idi. Ancaq o vaxt məsələ gündəlikdən çıxarıldı. Daha sonra aprel döyüşləri səbəbindın İrəvanda planlaşdırılan toplantı da bir müddət kecikdi. Çünki konkret olaraq, Qazaxıstan və onun prezidenti Nursultan Nazarbayevin bunda maraqlı olmadığı üzə çıxdı. Doğrudur, o zaman Belarus və Rusiya prezidentləri də Ermənistana getməkdən imtina etdilər. Nəticədə toplantı az sonra Moskvada reallaşdı. Lakin baş katib N.Bordyuja yenə yerində qaldı.

    Nəhayət, bu ilin oktyabrında KTMT dövlət başçıları İrəvanda bir araya gəldilər. Amma yenə Nazarbayevsiz. Qazax lideri bu dəfə xəstəlik səbəbilə işğalçı ölkənin paytaxtına getmədi (Oradan Bakıya gəlməli idi). Nəticədə ermənilərin arzusu yenə gözündə qaldı. Ümumiyyətlə, yerli analitiklər də İrəvan sammitini Serj Sərkisyan üçün fiasko kimi qiymətləndirdilər.

    Bu xüsusda Sərkisyanın son səfərini üçüncü və ya revanş cəhdi də adlandırmaq olar. Alınacaqmı? Düşmən ölkə başçısı Rusiyadan nə ilə qayıdacaq? Tezliklə bəlli olacaq. Hər necə olmasa, üzv dövlətlərdən Qazaxıstan, Belarus, Qırğızıstan Azərbaycana dost münasibətdədir. Bir erməni politoloqunun dediyi kimi, əslində “Rus NATO”sunda Azərbaycanın dostu daha çoxdur, nəinki Ermənistanın. Yeri gəlmişkən, Peterburq sammitinə də bu dəfə Belarus prezidenti Aleksandr Lukaşenko təşrif buyurmayıb.

    ***

    Rusiyaya gəlincə, onun məsələdə yekun mövqeyinin necə olacağı hələlik dəqiq deyil. Ancaq o da faktdır ki, 4 günlük aprel savaşından sonra Moskva panikaya düşən satellitini sakitləşdirmək üçün xeyli çalışıb. Ona bir sıra müasir silah kompleksləri, “İsgəndər”lər verib, Ermənistanın hava məkanını öz nəzarətinə götürüb, işğalçı ölkə ilə vahid hərbi qruplaşma yaratmaq qərarı verib.

    Təbii ki, bunlar Azərbaycan və Türkiyə üçün xoş olmayan məqamlardır. Bu yaxınlarda isə Rusiya rəsmilərindən biri dedi ki, “İsgəndər”lər Ermənistanda Azərbaycana görə yox, bu ölkənin NATO üzvü olan dövlətlə həmsərhəd olması səbəbi ilə yerləşdirilib. NATO üzvü olan dövlət isə qardaş Türkiyədir. Hərgah Moskva Ankara və Bakı ilə münasibətlərə strateji önəm verdiyini bəyanlamaqdan yorulmur.

    Sual da budur ki, Kreml ilin-günün bu vədəsində, ikitərəfli münasibətlərin böyük sınaqlar qarşısında olduğu hazırkı dönəmdə Türkiyə və Azərbaycanda əlavə qıcıq yaratmaq, “qaşınmayan yeri yara etmək” istəyəcəkmi?

    ***
    Mövzu ilə KTMT-nin İrəvan sammitindən sonra rusiyalı politoloq, prezident Putinin etibarlı şəxslərindən sayılan Sergey Markovun maraqlı bir şərhi olmuşdu. V.Putinin danışmanı təşkilatda gözlənilən baş katib dəyişikliyindən dolayı rəsmi Bakının könlünü almağa hesablanmış şifrəli mesaj vermişdi.

    Sitatı xatırlatmağın yeri var: “Ermənistan KTMT-nin tamhüquqlu üzvü olduğu üçün onun nümayəndələri qurumda hansısa vəzifə tutmaq hüququndan məhrum edilməyib. Ancaq bu halda Rusiya təyinatın Bakıda neqativ qarşılanacağını anlayır. Rusiya Azərbaycana da mühüm müttəfiq kimi baxır. O səbəbə fikrimcə, KTMT-yə erməni şəxsin başçı təyin olunması hərbi və hərbi-texniki sahədə Rusiya-Azərbaycan qarşılıqlı əlaqələrində hansısa başqa formatlarla Moskva tərəfindən kompensasiya ediləcək. Rusiya Azərbaycanla hərbi sahədə əməkdaşlığı gücləndirəcək”.

    Görünür, “Rus NATO”sunu erməniyə etibar edib-etməmək məsələsinə rəsmi Moskva həm də bu prizmadan yanaşacaq. Söz düşmüşkən, Rusiya baş nazirinin müavini, hərbi sənaye kompleksi üzrə kurator Dmitri Roqozinin təzəcə başa çatan Bakı səfəri ehtimal ki, bu mövzunu da özündə ehtiva edib.

    Bir şey dəqiqdir ki, baş katiblik problemi ermənilərin xeyrinə həll olunsa belə, uduşda yəqin ki, yenə ən çox Moskva olacaq. İstisna deyil ki, bununla Kreml həm ara-sıra Qərbə sarı boylanan Ermənistanı özünə daha güclü bağlamaq və onun üzərində söz sahibliyini artırmaq, həm də Markovun işarə elədiyi kimi, ola bilsin, Dağlıq Qarabağ məsələsində İrəvana siyasi avans verib, onu kompromislər məsələsində daha ürəkli etmək niyyəti güdür.

    Qəzetimiz çapa gedərkən KTMT-nin yeni baş katibinin kimliyi bəlli deyildi. Müzakirələr davam edirdi. \\musavat.com\\


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    ]
    OXŞAR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR