Bağla
gundem.ws
gundem.ws

Elman Rüstəmov: Mərkəzi Bank qiymət sabitliyinin təmin olunmasına yönəldilmiş pul siyasətini davam etdirəcək

51 dəfə baxılıb 27-01-2019, 14:22

Elman Rüstəmov: Mərkəzi Bank qiymət sabitliyinin təmin olunmasına yönəldilmiş pul siyasətini davam etdirəcək
Azərbaycan Mərkəzi Bankı (AMB) qiymət sabitliyinin təmin olunmasına yönəldilmiş pul siyasətini davam etdirəcək.

AMB-dən AZƏRTAC-a bildirilib ki, yanvarın 26-da Mərkəzi Bankın struktur bölmələrinin və regional ərazi idarələrinin rəhbərlərinin iştirakı ilə bankın İdarə Heyətinin 2018-ci ilin yekunlarına həsr olunan geniş iclası keçirilib.

Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin ölkənin makroiqtisadi vəziyyəti və sosial-iqtisadi inkişafına dair qaldırdığı məsələləri önə çəkən Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, dövlət başçısının rəhbərliyi altında ötən il ölkədə makroiqtisadi sabitliyin dayanıqlığının artırılması istiqamətində əhəmiyyətli işlər görülüb. İnflyasiya aşağı birrəqəmli səviyyədə sabitləşib, iqtisadi artım davam edib, milli valyutanın məzənnəsi dayanıqlı olub, ölkənin strateji valyuta ehtiyatları artmaqda davam edib.

E.Rüstəmov Mərkəzi Bankın 2018-ci ilin yekunlarına həsr olunan toplantısının əsas məqsədinin həm ötən ilin yekunlarını qiymətləndirmək, həm də son müşavirədə Prezident İlham Əliyevin tapşırığından irəli gələn vəzifələri müəyyənləşdirmək olduğunu bildirib. Vurğulayıb ki, 2018-ci ildə Mərkəzi Bankın həyata keçirdiyi pul-kredit siyasəti milli iqtisadiyyatda qiymətlər sabitliyinə, aşağı və stabil inflyasiyanın təmin edilməsi vasitəsilə əhalinin yaşayışı və işgüzar fəaliyyət üçün əlverişli sosial-iqtisadi mühitin formalaşmasına yönəlib: “Ötən il inflyasiya gözləniləndən daha yüksək templə azalıb və təkrəqəmli səviyyədə sabitləşib. 2018-ci ildə orta illik inflyasiya 2,3 faiz təşkil edib. Dövr ərzində inflyasiyaya azaldıcı təsir edən başlıca amillər manatın məzənnəsinin dayanıqlığı, pul təklifinin optimal səviyyədə idarə olunması və inflyasiya gözləntilərinin azalması olub. Həyata keçirilən effektiv pul-məzənnə siyasəti ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya proseslərinin, habelə bəzi inzibati qiymətlərin yüksəldilməsinin qiymətlərə artırıcı təsirini neytrallaşdırıb”.

Qeyd edib ki, 2018-ci ildə makroiqtisadi sabitlik ölkədə iqtisadi artıma şərait yaradıb: “İqtisadi artım pozitiv zonada qalmaqda davam edib. Ümumi daxili məhsul (ÜDM) real olaraq 1,4 faiz, o cümlədən qeyri-neft sektorunda 1,8 faiz artıb. Qeyri-neft sənayesi daha yüksək artım nümayiş etdirib ki, bu da ölkədə sənayeləşmənin sürətləndiyini, qeyri-neft sektorunun artımında ticari sektorun rolunun artdığını göstərir. İqtisadi artım xarici tələb və daxili tələbin istehlak və dövlət tələbi komponentləri ilə dəstəklənib”.

“2018-ci ilin 9 ayında cari əməliyyatlar balansında 5,1 milyard ABŞ dolları və ya ÜDM-in 15 faizi səviyyəsində profisit yaranıb ki, bu da kapitalın və maliyyənin hərəkəti hesabındakı kəsiri tam örtüb, ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradıb”, - deyə o əlavə edib.

E.Rüstəmov deyib ki, ötən ilin əvvəlinə nəzərən strateji valyuta ehtiyatları 6,5 faiz artaraq ilin sonuna 45 milyard ABŞ dollarına yaxın olub, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları isə 5,5 faiz artaraq 5,6 milyard dollar təşkil edib: “Manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyə balansı üzrə meyillərə və bundan asılı olan valyuta bazarındakı tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb. Valyuta bazarında təklif kanallarının artmasını şərtləndirən mühüm amil dövlətimizin başçısının müəyyən etdiyi iqtisadi inkişaf kursuna uyğun olaraq ölkədə qeyri-neft sektorunun şaxələnməsi, ixracat potensialının artırılması olub. Ümumilikdə xarici sektor göstəricilərinin yaxşılaşması şəraitində və qəbul edilmiş makroiqtisadi siyasət çərçivəsində manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsinin sabitliyi davam edib. 2018-ci ildə pul təklifinin dəyişimi makroiqtisadi sabitlik hədəflərinin reallaşdırılması ilə iqtisadiyyatın likvidliyə olan tələbinin ödənilməsi arasında optimal balansı təmin edib. Manatla pul bazası 11,7 faiz artıb. Pul təklifinin de-dollarlaşması prosesi davam edib”.

Mərkəzi Bankın sədri bildirib ki, pul siyasəti alətləri inflyasiya, inflyasiya gözləntiləri, pul təklifi üzrə hədəflər, maliyyə bazarlarında proseslər, habelə pul siyasətinin transmissiyasının xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilib: “Bank 2018-ci ildə son makroiqtisadi prosesləri və yenilənmiş proqnozları nəzərə almaqla özünün likvidlik əməliyyatları üzrə faiz dəhlizinin parametrlərinə zəruri korreksiyalar edib. Mərkəzi Bankda ilin əvvəlindən faiz dəhlizinin parametrləri bir neçə dəfə dəyişdirilib, uçot dərəcəsi mərhələlərlə 15 faizdən 9,75 faizə endirilib. Dövr ərzində iqtisadiyyatın pula olan tələbinin təmin edilməsi və likvidliyin effektiv idarə olunması məqsədilə Mərkəzi Bank müxtəlif müddətli açıq bazar əməliyyatlarını aktivləşdirib”.

“Monetar idarəetmənin təkmilləşdirilməsi və həyata keçirilən pul siyasətinin effektiv kommunikasiyası xüsusi diqqətdə saxlanılıb. Mərkəzi Bankın hər bir siyasət qərarı ilə bağlı press-relizlər müvafiq analitik şərhlərlə dərc edilib, eyni zamanda, media üçün geniş mətbuat konfransları keçirilib. Faiz dəhlizinin parametrlərinə dair qrafik əsaslı pul siyasəti qərarlarının verilməsi, eyni zamanda, geniş mətbuat konfransları, eləcə də müasir kommunikasiya kanalları vasitəsilə həmin qərarların ictimaiyyətə açıqlanan təqvim əsasında kommunikasiyasının təşkili rejiminə keçilib”, - deyə E.Rüstəmov qeyd edib.

Vurğulayıb ki, Mərkəzi Bank öz fəaliyyətinin qanunvericiliklə müəyyən edilmiş digər funksional istiqamətlərində də vəzifələrin yerinə yetirilməsini təmin etməklə ölkəmizin hərtərəfli inkişafına zəruri dəstək verib.

İclasda daha sonra Mərkəzi Bankın ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə məruzələr dinlənilib, müzakirələr aparılıb, qarşıda duran vəzifələr müəyyənləşdirilib. Diqqətə çatdırılıb ki, bankın fəaliyyətinin bütün istiqamətlərinin müasirləşdirilməsi üzrə intensiv iş aparılıb, pul proqramı üzrə əməliyyat hədəflərinin reallaşması təmin edilib, Mərkəzi Bankın məqsəd və funksiyalarına uyğun istiqamətlər üzrə tədqiqatlar aparılıb, monetar idarəetmə, onun statistik bazası daha da təkmilləşdirilib, institusional inkişaf prosesi sürətlənib, müasir elektron infrastruktura əsaslanan, fasiləsizlik prinsipi ilə işləyən və daim təkmilləşən ödəniş sistemləri fəaliyyət göstərib, kibertəhlükəsizliyin gücləndirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilib, bütün informasiya təhlükəsizliyi sistemləri müasir virtualizasiya infrastrukturuna miqrasiya olunub. İqtisadiyyatın nağd pula tələbatı tam təmin edilib, yeni pul nişanı və xatirə pul nişanları tədavülə buraxılıb, nağd pul dövriyyəsinin idarə olunması daha da təkmilləşib, insan resurslarının inkişafına diqqət artırılıb, cəmiyyətdə iqtisadi maarifləndirmə üzrə geniş iş aparılıb, funksional və biznes proseslərinin səmərəli yerinə yetirilməsi üçün layihələr həyata keçirilib. Hesabat ilində bütün istiqamətlər üzrə vəzifələrin mütərəqqi beynəlxalq təcrübəyə uyğun reallaşması üçün Mərkəzi Bankda xarici əlaqələr və beynəlxalq əməkdaşlıq gücləndirilib, texniki yardım imkanları aktiv dəyərləndirilib, prioritet əsaslı texniki yardım cəlb edilib.

E.Rüstəmov iclasa yekun vuraraq Mərkəzi Bankın qarşısında duran başlıca vəzifələrə diqqəti çəkib. Bildirib ki, dövlət başçısının irəli sürdüyü inkişaf strategiyasına, eləcə də Mərkəzi Bankın 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatına uyğun olaraq makroiqtisadi sabitliyin dayanıqlığının artırılması və onun iqtisadi artımın sürətləndirilməsində rolunun yüksəldilməsi qarşıda duran başlıca strateji vəzifədir. Bu məqsədlə Mərkəzi Bank öz mandatına – qiymət sabitliyinin təmin olunmasına yönəldilmiş pul siyasətini davam etdirəcək. Aşağı inflyasiyalı makroiqtisadi mühitin formalaşdırılması üçün pul siyasətinin strateji və əməliyyat çərçivəsi daha da təkmilləşdiriləcək.

Vurğulayıb ki, 2019-cu il və ortamüddətli dövr üçün pul-kredit siyasətinin əsas məqsədi stabil aşağı inflyasiya səviyyəsinin təmin edilməsidir: “Bunu nəzərə alaraq Mərkəzi Bank özünün stabilləşmə xarakterli monetar və məzənnə siyasətini davam etdirməklə dolayı yolla ictimai rifaha, iqtisadi artıma və məşğulluğa dəstək verəcək. Cari ildə pul siyasətinin son hədəfi inflyasiyanı 4 faiz (±2 faiz) səviyyəsində saxlamaqla qiymət sabitliyinin Mərkəzi Bankın səlahiyyətləri çərçivəsində qorunması olacaq. İnflyasiya hədəfinə nail olmaq üçün Mərkəzi Bank sərəncamındakı pul siyasəti alətlərindən makroiqtisadi vəziyyətə adekvat istifadə edəcək, bu alətlər üzrə kəmiyyət parametrləri proqnozlaşdırılan və faktiki inflyasiya arasındakı fərqdən asılı olaraq çevik dəyişdiriləcək. Manatın ikitərəfli məzənnəsinin dayanıqlığı növbəti ildə də aşağı inflyasiyanın vacib şərtlərindən biri olacaq. Faiz siyasəti inflyasiya üzrə hədəfə nail olmaqdan asılı olaraq həyata keçiriləcək. Faiz dəhlizinin parametrləri haqqında qərar ölkədə gedən makroiqtisadi proseslər, tsikl göstəricilərinin dinamikası, son proqnozlar və risklər balansında baş verən dəyişikliklər nəzərə alınmaqla qəbul ediləcək”.

"Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli Fərmanına uyğun olaraq Mərkəzi Bank inflyasiyanın effektli idarə edilməsi məqsədilə pul siyasəti rejiminin təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görəcək. Mərkəzi Bank uzunmüddətli dövrə inflyasiyanın hədəflənməsi rejimini Azərbaycan üçün optimal pul siyasəti rejimi olaraq görür və rejimə keçid şərtlərinin reallaşdırılması istiqamətində işlər davam etdiriləcək. Pul siyasətinin transmissiya effektinin gücləndirilməsi və maliyyə sektorunun resurs bazasının möhkəmləndirilməsindəki rolunu nəzərə alaraq Mərkəzi Bank nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək. Prezident İlham Əliyevin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi yaxın üç ildə ölkədə nağd pul dövriyyəsini əhəmiyyətli azaltmalıdır. Bu da monetar nəzarətin gücləndirilməsi, habelə iqtisadiyyatın monetizasiya səviyyəsinin yüksəldilməsi ilə inflyasiyanın effektiv idarə edilməsinə müsbət təsir göstərəcək”, - deyə E.Rüstəmov bildirib.

Qeyd edib ki, Mərkəzi Bankın vacib funksional fəaliyyət istiqamətlərindən olan nağd pul sferası üzrə 2019-cu ildə tədavüldə nağd pulun strukturunun optimallaşdırılması, pul nişanlarının mühafizə sistemlərinin gücləndirilməsi, xatirə pul nişanlarının tədavülə buraxılması və bütövlükdə nağd pul idarəedilməsi sistemlərinin effektivliyinin artırılması və avtomatlaşma səviyyəsinin daha da yüksəldilməsi diqqət mərkəzində olacaq.

E.Rüstəmov yeni çağırışlardan, xüsusilə də ölkə başçısının irəli sürdüyü inkişaf vəzifələrindən, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndən, eləcə də Mərkəzi Bankının 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatından irəli gələn aidiyyəti vəzifələrin uğurla icrasında Mərkəzi Bankda strateji planlaşmanın, tədqiqat, analitik və proqnozlaşdırma bazasının, yeridilən siyasət və fəaliyyətin kommunikasiyasının, risk idarəetməsinin, insan kapitalının, idarəetmə proseslərinin, hüquqi dəstəyin daha da müasirləşməsi və inkişafının vacib rol oynayacağını diqqətə çatdırıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi