Azərbaycanda müəllimlərə cinsi təcavüz edən direktorlara hansı cəza verilməlidir ?

Azərbaycanda müəllimlərə cinsi təcavüz edən direktorlara  hansı cəza verilməlidir ?



Orta məktəblərdə direktordan qadın müəllimə qarşı təcavüz faktları yenidən gündəmə gəlib. Təəssüflər olsun ki, aidiyyati qurumlar belə xoşagəlməz hallarda ciddi cəzalar tətbiq etmək əvəzinə, ən sərt cəza növü kimi direktora intizam tənbehi verməyi seçirlər.

Görəsən, bu cəza növü təhsil, təlim və tərbiyə ocağında baş vermiş rəzilliyə yetərlidirmi? Bu cür hadisələrdə aidiyyati qurumlar necə davranmalıdır?

A24.az bu suala cavab almaq məqsədilə təhsil ekspertlərinə müraciət edib.

Təhsil eksperti Nabatəli Qulamoğlu açıqlamasında məktəb direktorlarının bu cür əməlləri törətməsinin əsas səbəbi kimi icra başçılarının onlara yaratdığı şəraitin xüsusi yer tutduğunu deyib. O, bildirib ki, direktorların icra başçıları tərəfindən təyin olunması korrupsiya faktının artmasına səbəb olur:

“Qədim Misirdə hüquqi qanunlar var idi. İmkan sahibləri ən ağır cəza törədəndə ona cərimə tətbiq olunurdusa, kasıb təbəqəyə isə ölüm hökmü verilirdi. Bunu deməkdə məqsədim odur ki, məktəb direktorları özlərinə çox arxayındırlar. Çünki onları Təhsil Nazirliyi təyin etmir. Əgər onlar nazirlik tərəfindən təyin olunarsa, bu artıq formal xarakter daşıyır. Məktəb direktorları icra başçılarına arxalanır. İcra başçıları isə məktəblərdən korrupsiya mənbəyi kimi istifadə edir. Bu ifadəyə nümunə də gətirə bilərəm. Cəlilabad rayonunun Alar kəndində uzun müddət bir məktəbdə iki direktor fəaliyyət göstərib. Həmin direktorlardan biri Təhsil Nazirliyi tərəfindən kənarlaşdırılsa da, icra başçısı tərəfindən dəstəklənirdi və həmin insan da məktəbə zor şəklində rəhbərlik edirdi. Belə halları saymaqla bitməz”.

Ekspert onu da qeyd edib ki, müəllimlərin işə qəbulu imtahan yolu ilə keçirilsə də, burada da ciddi qayda pozuntularına yol verilir:

“Artıq müəllimlərin imtahan yolu ilə işə qəbul olunması qaydası tətbiq olunub. Keçən il bu yolla bir neçə direktor işə qəbul olundu. Lakin bu məsələdə də qanun pozuntuları var. Yenə konkret nümunələrlə sözümə davam edəcəm. Lənkəran rayonunun Separadi kəndində gənc müəllim 54 bal toplamasına baxmayaraq vəzifəyə təyin olunmadı. Onun yerinə 8 bal toplayan köhnə direktor təyin edildi. Bu da o deməkdir ki, məktəb direktorları icra başçılarının nəzarəti altındadır. Direktorlar da bu vəziyyətdən istifadə edərək onlara cəza verilməyəcək şəkildə davranırlar. Belə olduğu halda onlar əxlaqsızlıq da edəcək, nalayiq ifadələr də işlədəcək. Təhsil nazirinin özü də qeyd edib ki, biz məktəb direktorlarını icra başçılarının rəyi əsasında təyin edirik. Bu cür halların qarşısını almaq üçün direktorları icra başçılarının təhkimçiliyindən azad etməkdir”.

Digər təhsil eksperti Etibar Əliyev isə açıqlamasında bildirib ki, məktəbə direktor təyin edilərkən öncə onun əxlaq normativləri əsas götürülməlidir:

“Bu məsələlər çox ciddidir və bununla bağlı sərt cəzalar tətbiq olunmalıdır. Məktəb yanlız təhsil verən bir məkan deyil, həmçinin tərbiyə verən bir elm ocağıdır. Əgər məktəbdə şagirdlərə təhsil, tərbiyə konsepsiyası aşılayırıqsa, öncə direktor və müəllimin əxlaqı yerində olmalıdır. Deyə bilərəm ki, bu cür hallara görə, çox ciddi cəzalar verilən direktorlar olub. Təhsil Nazirliyinin alqışlanan layihələrindən biri müəllimlərin, direktorların imtahan və müsabiqə yolu ilə seçilməsidir. Hətta mən bir hadisənin də şahidi oldum ki, müsabiqədə iştirak edən direktorlardan birinin çox qaranlıq bioqrafiyası vardı. Onun qabiliyyətinə önəm verilmədən növbəti turda iştirak etməsinə imkan verilmədi. Əvvəllər belə deyildi, istənilən şəxsi direktor təyin edirdilər. Yetər ki, həmin şəxsin pulu olsun. Çox sevindirici haldır ki, təhsilimizdə bu cür proseslərin sayı azalmaq üzrədir”.

loading...
www.Gundem.ws

Copyright 2017. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: O.Cavidan
Baş redaktor: İ.Elnur
Redaktor: S.Azər